Ucnoqta.az
www.ucnoqta.az

Hava şəraiti dəyişir - XƏBƏRDARLIQ

17:01 - 25 İyun 2026 tarixində dərc olunub.

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata əsasən, həftə sonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir. Gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək:

“Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”.

G.Abbasovanın sözlərinə görə, ölkə ərazisində gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası