Ucnoqta.az
www.ucnoqta.az

Məktəblərdə yeni tədris modeli: Yeni modelə ekspert baxışı

16:29 - 25 İyun 2026 tarixində dərc olunub.

Məlum olduğu kimi ötən ildən məktəblərdə yeni təmayül tədris modelinə start verilib. Bu il isə belə məktəblərin sayı artırılıb. Bəs bu model repetitorluğun sonunu gətirə bilərmi? 

Təhsil üzrə ekpsert Elmin Nuri mövzu bağlı Ucnoqta.az-a bildirdi ki, yeni modelin repetitorluğun sonunu gətirəcəyini demək olmaz:

"Elm və təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, repetitorluğun tamamilə aradan qaldırılması real görünmür. Bu, cəmiyyətin həmin xidmətə münasibəti ilə bağlı deyil. Repetitorluq dünyanın əksər ölkələrində mövcuddur və təhsil sisteminin müəyyən bir hissəsi kimi fəaliyyət göstərir. Sadəcə, bir çox ölkələrdə bu xidmət Azərbaycandakı qədər geniş yayılmadığı və təhsili özündən asılı vəziyyətə salmadığı üçün xüsusi müzakirə mövzusu olmur".

Təhsil eksperti bildirdi ki, repetitorluqdan asılılığın azaldılması istiqamətində müxtəlif yanaşmalar mövcuddur: 
"Onlardan biri də tam ştatlı müəllim modeli və hazırlıq prosesinin məktəblərdə cəmləşdirilməsi modelidir. Beynəlxalq təcrübədə özünü doğrultmuş bu yanaşma ilk dəfə Braziliyada tətbiq olunub. Məqsəd şagirdlərin əlavə hazırlıq ehtiyacını minimuma endirmək və təhsil prosesinin əsas yükünü məktəbin üzərinə yönəltmək olub. Aparılan tədqiqatlar göstərir ki, bu model Braziliya təhsil sisteminə müsbət təsir göstərib".

Elmin Nuri qeyd edir ki, belə bir modelin uğuru onun necə həyata keçiriləcəyindən və hansı miqyasda tətbiq olunacağından asılıdır:

"Burada bir sıra vacib suallar ortaya çıxır: Layihə ilkin mərhələdə 10-15 məktəbdə pilot şəkildə tətbiq ediləcək, yoxsa bütün ölkə üzrə genişləndiriləcək? Tətbiq prinsipləri necə müəyyənləşdiriləcək? 
Bu sualların cavabları məlum olmadan qəti nəticə çıxarmaq çətindir. Bununla belə, belə bir modelin tətbiqi təhsil sistemində müəyyən dəyişikliklərə səbəb olacaq. Cəmiyyət repetitorluqdan daha az asılı olan bir təhsil sisteminin formalaşmasının şahidi ola bilər. Ən vacibi isə bu model şagirdlərin repetitor dəstəyi olmadan da yüksək nəticələr əldə edə biləcəyini nümayiş etdirə bilər. Valideynlər də məktəbdaxili tədrisin keyfiyyətinin yüksəlməsi hesabına təhsil sahəsində müsbət dəyişiklikləri daha yaxından hiss edə bilərlər" - ekspert əlavə etdi.

Müəllif: Ucnoqta.az redaksiyası