Ucnoqta.az
www.ucnoqta.az

TƏBİB Fərhad Mehdiyevin ittihamlarına cavab verdi

15:19 - 24 İyun 2026 tarixində dərc olunub.

"Həkimlər tərəfindən Zəhra Mehdiyevanın həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və həkim heyətini qeyri-peşəkarlıqda ittiham etməsinə cavab olaraq bildirib.

Qurumdan bildirilib ki, yaralı xəstəxanaya daxil olduqdan dərhal sonra təxirəsalınmaz reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb:

"Xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb. Daxil olduqdan dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub.

İlkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib. Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib.

Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib".

Xatırladaq ki, Fərhad Mehdiyev sosial şəbəkə hesabında qəza nəticəsində vəfat edən qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və Təcili Təxirəsalınmaz Tibbi Yardımı (TTY) ciddi fəaliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib. O, xəstəxana heyətinin səhlənkarlığı olduğunu iddia edib.

Müəllif: Ucnoqta.az redaksiyası