Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycana qarşı kampaniyada “açılmayan etnik təhdid silahı”

11:18 - 24 İyun 2026 tarixində dərc olunub.

Azərbaycan tarixən dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı çoxmillətli ölkə kimi tanınıb. Ölkəmizdə mövcud multikulturalizm təkcə dövlət siyasətinin nəticəsi deyil, həm də xalqımızın milli xarakterinin, dünya görüşü və elmi biliyinin təzahürüdür. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində diskriminasiya siyasəti olmayıb. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri digər xalqlarla sülh və əmin-amanlıq içərisində yaşayıb. Təəssüf ki, Azərbaycanda olmuş digər xalqlar, xüsusilə də ermənilər kənar qüvvələrin təsiri ilə zaman-zaman etnik qarşıdurmalar yaratmağa cəhd edib, yerli müsəlman türklərinə qarşı soyqırımı siyasəti həyata keçiriblər.

1905 və 1918-ci illərdə Bakıda, Şamaxıda, Kürdəmirdə, Göyçayda, Lənkəranda, Qubada yüzminlərlə azərbaycanlı qətlə yetirilib, şikəst edilmişdi. Osmanlı dönəmində və ondan qabaqkı illərdə xarici xristian dairələrin təhriki ilə türklərə, müsəlmanlara qarşı etdikləri cinayətlərin qarşılığında cəzalandırılan ermənilər Azərbaycana axın edərək, Bakıda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə yerli xalqlardan heyf çıxmağa çalışmışlar. Azərbaycanlılara qarşı hibrid təhdid aləti kimi istifadə olunan ermənilər həm də müəyyən zamanlarda hərbi yolla da öz mənfur niyyətlərini həyata keçirməyə çalışblar. Kənar qüvvələrin siyasi sifarişi ilə süni şəkildə yaradılan etnik qarşıdurma cəhdlərinin fəal iştirakçıları olan ermənilə 1988-ci ildə ərazi iddiası ilə çıxış etməyə başladılar və sonrakı illərdə ərazilərimizin 20 faizə qədərini işğal etdilər. Onların əsas rol aldığı müharibədə on minlərlə vətəndaşımız şəhid oldu, əsir və girov düşdülər, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldı. Göründüyü kimi, etnik məsələlərdən hibrid təhdid vasitəsi kimi istifadə vaxtında qarşısı alınmadığı təqdirdə, bir çox hallarda ciddi hərbi qarşıdurmalara, etnik partlayışlara gətirib çıxarır.

Qanunla hər bir ölkədə bütün azsaylı xalqlar bərabərhüquqlu vətəndaşlar hesab olunsa da, kənar müdaxilələr, qızışdırmalar nəticəsində etnik qarşıdurmalar yaranır.

Xarici qüvvələr tranmilli media korporasiyalarının, sosial şəbəkələrin, hətta QHT və siyasi partiyaların vasitəsilə ölkədə dini, etnik müstəvidə qarşıdurmaları gücləndirirlər. Məsələn, Azərbaycanda fəaliyyət göstərən və xaricdən maliyyələşən bəzi media qurumlarının tez-tez etnik, dini problemlər mövzusunu işıqlandırmaları, cinsi azlıqların məsələlərini gündəmə gətirmələri bunun bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, süni şəkildə qabardılsa da belə, bu gün Azərbaycanda etnik qarşıdurma yoxur.

Xarici qüvvələrdən fərqli olaraq, Azərbaycan dövləti heç zaman xaricdə - Rusiya, İran, Gürcüstan və s. yaşayan azərbaycanlılardan həmin dövlətlərə qarşı hibrid təhdid silahı kimi istifadə etməyib. Halbu ki, həmin ölkələrdə yaşayan milyonlarla soydaşımızın kifayət qədər sosial, siyasi, təhsil və problemləri var.

Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır: “Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir. Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır”.
(Bax: https://azertag.az/xeber/prezident_tolerantliq_ve_multikultural_deyerler_azerbaycan_cemiyyetinin_demokratik_birgeyasayis_normasidir-3003786)

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında» fərmanda azsaylı xalqların sıx yaşadığı ərazidə orta məktəb proqramı üzrə həmin xalqların dili və ədəbiyyatının öyrənilməsi üçün tədbirlər hazırlayıb həyata keçirilməsi, Azərbaycan TV-da ləzgi, talış və kürd dillərində verilişlərin hazırlanması, etnik azlıqların dilində mətbu orqanlarının, ədəbiyyatın nəşrini, mədəniyyət mərkəzlərinin yaranması öz əksini tapıb və yüksək səviyyədə icra olunur. Fərmanla Azərbaycan dövləti vətəndaşların milli və dini hüquqlarının təminatçısı kimi çıxış edir.

Vətən Müharibəsi zamanı etnik qarşıdurma yaratmaq cəhdi

2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı ermənilər Azərbaycanda etnik qarşıdurma yaratmaq istəyirdilər. Onlar hələ müharibədən öncə düşünürdülər ki, müharibə olacağı təqdirdə Azərbaycanda yaşayan xalqlar Qarabağda ermənilərə qarşı vuruşmayacaqlar. Monoetnik dövlət olan Ermənistanda hətta çoxları hesab edirdilər ki, Azərbaycanda yaşayan ləzgilər, talışlar və digər xalqların nümayəndələri müharibə zamanı yaranmış fürsətdən istifadə edib ermənilər kimi öz dəvlətlərini yaratmaq eşqinə düşünürdülər. Hətta onlar bu məqsədlə az sayda separatçıları öz tərəflərinə çəkmiş, onları İrəvanda konfranslara dəvət edirdilər, çıxış üçün tribuna verirdilər.

2020-ci ilin oktyabr ayında Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, rrmənilər Azərbaycanda etnik qarşıdurma yaratmaq istəyirlər: “Bakıda və Azərbaycanın digər bölgələrində müxtəlif millətlərin nümayəndələri, müxtəlif dinə mənsub xalqlar yaşayır. Onlar dostluq, səmimilik şəraitində yaşayırlar. Uzun illərdir, əsrlər boyu bizdə multikulturalizm mədəniyyəti formalaşıb. Amma ermənilər sosial şəbəkələr vasitəsilə çağırışlar edir, Azərbaycandakı müxtəlif etnik azlıqlar arasında qarşıdurma yaratmaq, nifaq salmaq kimi iyrənc addımlara da əl atırlar. Bununla bağlı Azərbaycan qanunvericiliyi ilə çox ciddi məsuliyyətlər nəzərdə tutulur. Axtarışa verilən həmin şəxslər, həmçinin, Azərbaycanda millətlər arasında düşmənçilik salmağa yönələn əməllər törətməkdə ittiham olunurlar”.

(Bax: https://bizim.media/az/cemiyyet/1624/ermeniler-azerbaycanda-etnik-qarsidurma-yaratmaq-isteyirler/)

Ermənistanda müəyyən dairələrin gözləntilərinin əksinə olaraq, Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşdular, yüzlərlə, minlər, şəhid, yaralı verdilər. 44 günlük Vətən Müharibəsi vətəndaşlarımızın etnik şüurdan milli şüura keçid etdiyini təsdiqlədi. Etnik, dini kimliyindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğurunda canından keçmiş hər bir şəhid bizim üçün doğmadır, əzizdir. Onların xatirəsi hər zaman dərin ehtiramla yad ediləcəkdir.

Bu gün ölkəmizdə xalqlar arasında bərabərliyin, milli birliyin, milli özünüdərkin əsasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya bütün xalqların vahid yumruq kimi birləşməsinə səbəb oldu. Milli münasibətlərin tənzimlənməsinə xidmət edən, millətlərarası inteqrasiya prosesini, vətəndaşların yeni ictimai-siyasi quruluşa uyğunlaşmasını sürətləndirən azərbaycançılıq ideyası milli şüurun formalaşmasında müstəsna rol oynadı. Təcrübə göstərir ki, etnik şüur üzərində qurulan dövlətlərin sütunları o qədər də möhkəm olmur. Həmin ölkələrdə xalqlar arasında münasibətlər barıt çəlləyini xatırladıq. Kiçik bir qığılcım azacıq közərtini alovlandırır.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası