Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək.
Bu barədə Ucnoqta.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 21 – 23 may tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Onlardan 14612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10632 ücari ilin, 5087 isə əvvəlki illərin məzunlarıdır, 35 nəfər xarici ölkə vətəndaşıdır.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 17-si keçirilsə də, əlverişsiz hava ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdinin təkrar keçirilməsi ilə bağlı DİM tərəfindən qərar verilib.