ABŞ NATO vasitəsilə müttəfiqlərini Amerika təhlükəsizlik zəmanətlərinin etibarlılığına əmin etmək üçün Avropa ölkələrində əlavə nüvə silahlarının yerləşdirilməsi imkanlarını araşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Avropada həm ənənəvi, həm də nüvə silahları daşıya bilən əlavə bombardmançı təyyarələr (DCA) yerləşdirməyə hazır olduğunu bildirib.
Qeyd olunur ki, danışıqlar böyük dəyişikliklərə səbəb olmaya bilər, çünki Donald Tramp administrasiyası Avropa ölkələri arasında hərbi yardımın aqressiv şəkildə azaldılması ilə bağlı narahatlıqlar fonunda sadəcə NATO müttəfiqləri üçün nüvə çətiri saxlamaq öhdəliyini nümayiş etdirməyə çalışır.
Nəşrdə qeyd edildiyi kimi, NATO-nun nüvə paylaşma proqramına Amerika DCA-larının yerləşdirilə biləcəyi Belçika, Almaniya, İtaliya, Hollandiya, Türkiyə və Birləşmiş Krallıq daxildir.
Alyansın şərq cinahının nümayəndələri, o cümlədən Polşa və Baltikyanı ölkələr proqrama qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Nəşrin mənbələri belə bir razılaşmanın yaxın gələcəkdə bağlanmasının ehtimalının az olduğunu qeyd edirlər.