Ucnoqta.az
www.ucnoqta.az

MİQ-də rəqabət böyüyür: Yeni vakansiyalar gözlənilir

14:44 - 13 May 2026 tarixində dərc olunub.

MİQ üzrə imtahanların vaxtı yaxınlaşdıqca müəllimlər arasında rəqabət daha da artır. Hazırda ən ciddi problemlərdən biri Bakı və bölgələr üzrə vakant yerlərin qeyri-bərabər paylanmasıdır. Paytaxtda müəllimlər üçün boş yerlərin azlığı müşahidə olunur, bölgələrdə isə vəziyyət əksinədir. Buna baxmayaraq, bölgələrdə çalışan müəllimlərin böyük hissəsi Bakıda işləməyə üstünlük verir ki, bu da paytaxtda rəqabəti daha da artırır.

Digər tərəfdən, bölgələrdə çalışan müəllimlər üçün tətbiq olunan əlavə bal və artım əmsalları onların Bakı üzrə seçim zamanı üstünlük qazanmasına səbəb olur. Nəticədə, paytaxtda yaşayan müəllimlər daha yüksək rəqabət şəraitində azsaylı vakant yerlər uğrunda mübarizə aparmalı olurlar.

Mövzu ilə bağlı Ucnoqta.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, MİQ imtahanlarında iştirak edənlərin sayı ildən-ilə artsa da, vakant yerlərin məhdud olması ciddi rəqabət yaradır:

"Bununla belə, sertifikasiya imtahanlarının nəticələri yaxın illərdə vakant yerlərin sayının artacağı ehtimalını yüksəldir. Çünki sertifikasiyadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir və boşalan yerlərə MİQ nəticələrinə əsasən yeni namizədlərin qəbulu həyata keçirilir. Bu səbəbdən yaxın bir neçə ildə vakant yerlərin sayında müəyyən artım müşahidə oluna bilər".

Təhsil eksperti qeyd edir ki, müəllimlərin yerləşdirilməsi zamanı yaşayış yeri üzrə qeydiyyat amilinin nəzərə alınması daha məqsədəuyğun hesab oluna bilər: 
"Lakin burada əsas məsələ namizədlərin seçim və istəkləridir. Rayon qeydiyyatında olan bir çox müəllim paytaxtda işləməyə üstünlük verir. Bakı məktəblərində sıxlığın yaranmasının əsas səbəblərindən biri də budur. Eyni zamanda, hazırda paytaxtda çalışan müəllimlərin mərkəzdən kənar ərazilərə getmək istəməməsi də vakant yerlərin azalmasına təsir göstərir.

Böyük şəhərlərdə bu cür vəziyyət normal hesab edilir. Regionlarda müəllim çatışmazlığının aradan qaldırılması üçün isə stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir. Əməkhaqqına əlavələrin edilməsi, müxtəlif sosial güzəştlərin tətbiqi və digər təşviq mexanizmləri müəllimlərin bölgələrə marağını artıra və regionlara axını sürətləndirə bilər”.

Müəllif: Ucnoqta.az redaksiyası