Ucnoqta.az
www.ucnoqta.az

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

14:37 - 6 May 2026 tarixində dərc olunub.

2026-cı ilin yanvar – aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 129,0 milyon manat çoxdur.

Ucnoqta.az xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 5 milyard 360,3 milyon manatdan çox təşkil edib və büdcəyə proqnozdan əlavə 108,3 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan daxilolmalar 412,3 milyon manat və ya 8,3 faiz artıb.

2026-cı ilin yanvar – aprel aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan çox olub, proqnozdan əlavə 117,9 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 485,5 milyon manata yaxın təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 78,5 milyon manata yaxın olub, proqnozdan əlavə 3,3 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 61,3 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 339,8 milyon manatdan çox olub, proqnozdan əlavə 9,9 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 229,1 milyon manatdan çox olub.

Müəllif: Ucnoqta.az redaksiyası