Ucnoqta.az
www.ucnoqta.az

Respublika fənn müsabiqəsinə hazırlıqla bağlı layihə yekunlaşdı - FOTO

09:55 - 5 May 2026 tarixində dərc olunub.

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “İstedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığının təşkili” layihəsinin bağlanış mərasimi keçirilib.

Bununla bağlı Kəlbəcər rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə məktəbin direktoru Arzuman Qarayev, layihənin eksperti Xeyransa Həsənli, fizika müəllimi Səmayə Şahbazova, riyaziyyat müəllimi Günel Quliyeva, biologiya müəllimi Pərvanə Əsgərova və layihəyə cəlb olunan şagirdlər iştirak ediblər. 

Bildirilib ki, layihənin məqsədi aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığını təşkil etmək olub. Layihə çərçivəsində 12 şagirdin respublika fənn müsabiqəsinə hazırlığının təşkili nəzərdə tutulsa da, 21 şagird dərslərə qatılıb.

Respublika fənn müsabiqəsinə seçimin məktəb mərhələsindən sonra 16 şagird respublika mərhələsində iştirak edib. Respublika mərhələsində şagirdlərdən biri riyaziyyat, biri fizika, biri isə təbiət fənni olmaqla, 3 nəfər yarımfinal mərhələsində iştirak hüqüqü qazanıb. 

Qeyd olunub ki, respublika fənn müsabiqəsində uğur qazanmaları üçün qarşıdakı müddətdə də şagirdlərə dəstək veriləcək. 
Tədbirdə çıxış edən məktəbin direktoru Arzuman Qarayev layihədə iştirak edən şagirdlərin növbəti illərdə də məktəb nəticələrinin yüksəlməsində rol oynayacaqlarını qeyd ediblər. 

#GrantsEduAz #QrantMüsabiqəsi

Müəllif: Ucnoqta.az redaksiyası