Son illərdə təhsil sistemində ən çox müzakirə olunan mövzulardan biri müəllim-şagird-valideyn üçbucağıdır. Amma bir həqiqəti artıq ucadan deməyin vaxtı gəlib: Müəllim, ailədən təməl tərbiyəsini almamış, etik qaydalardan xəbərsiz və digər uşaqların təhsil hüququnu pozan uşaqla işləmək məcburiyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Əmrah Həsənli bildirib. Ekspertin sözlərinə görə, təhsil ocağının funksiyası akademik bilik vermək və mövcud tərbiyəni cilalamaqdır:
"Əgər bir uşaq böyüyünə hörmət etməyi, dinləməyi və "yox" sözünün mənasını evdə öyrənməyibsə, müəllim 45 dəqiqə ərzində həm proqramı çatdırıb, həm də sıfırdan xarakter formalaşdıra bilməz.
Müəllim enerjisinin 80%-ni bir nəfər "tərbiyəsi zəif" uşağı sakitləşdirməyə sərf edirsə, bu, sinifdəki digər 20-25 uşağın gələcəyindən oğurlamaq deməkdir. Müəllim bir nəfərə görə çoxluğun haqqına girməməlidir".
Əmrah Həsənli qeyd edir ki, müəllimin peşə ləyaqəti hər şeydən üstündür:
"Təhqirə, hörmətsizliyə və ya davamlı intizamsızlığa dözmək "müəllim fədakarlığı" deyil, peşəkar tükənmədir.
Valideyn məsuliyyəti məktəbin qapısında bitmir, oradan başlayır. Müəllimdən möcüzə gözləməzdən əvvəl, güzgüdə övladınıza verdiyiniz (və ya vermədiyiniz) təmələ baxın. Müəllim öyrətmək üçün oradadır, sizin evdə edə bilmədiyiniz "tərbiyə boşluqlarını" doldurmaq üçün deyil!"