Ucnoqta.az
www.ucnoqta.az

“Milli dəyərlərin qorunması və qlobal rəqabətə davamlılıq” mövzusunda tədbir keçirilib

11:07 - 23 Aprel 2026 tarixində dərc olunub.

Sabirabad rayonunda məktəb-valideyn münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə növbəti maarifləndirici konfrans təşkil olunub.

Ucnoqta.az xəbər verir ki, tədbir Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində keçirilib.
“Milli dəyərlərin qorunması və qlobal rəqabətə davamlılıq” mövzusuna həsr olunan konfrans açıq dialoq və geniş müzakirə formatında keçirilib. Tədbir çərçivəsində valideynlər və təhsil rəhbərləri bir araya gələrək müasir dövrdə milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti, eyni zamanda şagirdlərin qlobal çağırışlara uyğun şəkildə yetişdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov iştirak edərək çıxışlar ediblər. Onlar məktəb-valideyn əməkdaşlığının şagirdlərin həm akademik uğurlarına, həm də şəxsiyyət kimi formalaşmasına birbaşa təsir etdiyini vurğulayıblar.

Çıxışlarda bildirilib ki, milli dəyərlərin ailədə və məktəbdə paralel şəkildə aşılanması, uşaqların sağlam sosial mühitdə böyüməsi və gələcəkdə rəqabətədavamlı fərdlər kimi yetişməsi üçün vacib amillərdəndir. Bu baxımdan valideynlərin təhsil prosesində fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Tədbir zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib. Səmimi və interaktiv mühitdə keçən müzakirələr məktəb və ailə arasında qarşılıqlı etimadın və əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verib.

Müəllif: Ucnoqta.az redaksiyası