Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.
XİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, sözügedən qətnaməyə əsas həmmüəllif ölkələr olan Türkiyə, Gürcüstan, Ekvador, Keniya, Malayziya və Tailand ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlər, Birləşmiş Krallıq, Kanada, Yaponiya, Avstraliya, Braziliya, Efiopiya eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən bir sıra digər dövlətlər milli qisimdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı dövlətləri qrup şəklində həmmüəllif kimi qoşulublar.
Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.
Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır.
Qətnamədə rəqəmsal texnologiyaların, həmçinin süni intellekt sistemlərinin korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə oynadığı mühüm rola, hər kəsə dövlət xidmətlərinin bərabər çatdırılmasına, həmçinin təbii fəlakətlərə hazırlıq, cavab tədbirlərivə bərpa işləri kontekstində dövlət xidmətlərinin əhəmiyyəti məsələlərinə diqqət ayrılır.
Qətnamə 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.
Qətnamədə həmçinin İnsan Hüquqları Şurasının 65-ci sessiyasında fəlakətlərə hazırlıq, cavab tədbirləri və bərpa kontekstləri də daxil olmaqla dövlət xidmətlərinin çatdırılmasının insan hüquqlarının təşviqi və qorunmasında, həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu mövzusunda panel müzakirəsinin keçirilməsi qərara alınır.
Azərbaycanın təşəbbüsü ilə daha öncə 2018 və 2023-cü illərdə BMT-nin İnsan Hüquqları Şurasında konsensusla qəbul edilmiş 37/7 və 52/8 nömrəli eyniadlı qətnamələrin əsasında irəli sürülmüş cari qətnamənin yekdilliklə qəbul edilməsi və ona çox sayda dövlətlərin həm-müəllif qismində qoşulması, ölkəmizin dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılmasısahəsində müsbət təcrübəsinə və bu sahədə beynəlxalq müstəvidə öncül roluna beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir.