Ucnoqta.az
www.ucnoqta.az

Bayram günlərində 200 mindən çox sərnişin daşınıb

14:25 - 31 Mart 2026 tarixində dərc olunub.

Gücləndirilmiş rejimin 12 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157 reys həyata keçirilib, 84 135 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 450-dən çox reys həyata keçirilib.

Bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında müvafiq şərait yaradılıb. 19-30 mart tarixlərində bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 18 000 reyslə 116 000-ə yaxın sərnişin daşınıb.

"Biletlər avtovağzalların kassalarından, eləcə də biletim.az portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Qeyd edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 35-40% təşkil edib. Bu da növbəti rekord göstəricidir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb", - deyə məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası