Ucnoqta.az
www.ucnoqta.az

Əmlak alanlara 91 milyon manata yaxın ƏDV geri qaytarılıb

15:31 - 18 Mart 2026 tarixində dərc olunub.

Bu ilin martın 1-dək Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı portal üzərindən vətəndaşlar tərəfindən ümumilikdə 28.237 müraciət daxil olub.

Dövlət Vergi Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu müraciətlərdən 17.072-si üzrə 90,7 mln manat vəsaitin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9.234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub.

Bu ilin ilk 2 ayı ərzində portal vasitəsilə ümumilikdə 1.265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6,0 mln manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz olub.

Vətəndaşların müraciətləri üzrə imtina hallarına səbəb olan əsas məqamlar aşağıdakılardır:

Son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi;
Ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması;
Ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi;
Ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi.
Qeyd edək ki, ödənişin tam və ya bir hissəsi alıcı tərəfindən deyil, başqa şəxs tərəfindən aparıldıqda, müraciətlər ödəniş tarixinə həmin nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamə olduğu halda nəzərə alınır. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının depozit hesabına ödənildiyi təqdirdə, məbləğ geri qaytarılır.

Dövlət Vergi Xidməti tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericiliyə uyğun qaydada təqdim etmələri tövsiyə olunur. Məlumat üçün bildirək ki, portal istifadəyə verildikdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3.914 sayda müvafiq məlumat forması təqdim edilib. Bu istiqamətdə vergi orqanları tərəfindən müvafiq monitorinq və təhlil işləri aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası