QHT Agentliyinin özünün, o cümlədən Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan edilmiş müsabiqələrin nəticələri sabah elan olunacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində deyib.
Ülviyyə Qarayeva bildirib ki, Agentliyin keçirdiyi müsabiqələrə ilbəil maraq yüksəlir:
"Əgər 2024-cü il üzrə müsabiqələrə 779 təşkilatdan müraciət daxil olmuşdusa, 2025-ci il üzrə bu rəqəm 915-ə qalxdı. 2026-cı il üzrə müsabiqələrə isə ümumilikdə 981 təşkilat müvafiq sistem üzrə özünə pəncərə yaradaraq müraciət etmək hüququ qazanıb. Bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Hesab edirik ki, QHT sektorunda son illər dərinləşdirilən islahatlar, QHT Agentliyinin müsabiqələrini bütün kənar müdaxilələrdən azad, tam şəffaf aparması nəticəsində ictimai etimad daha da güclənib. Lakin bizim üçün kəmiyyətdən daha vacib keyfiyyətdir. Qeyd etməliyik ki, müvafiq sistemdə qeydiyyatdan keçən QHT-lərin heç də hamısı tələb olunan prosedurları vaxtında tamamlayaraq layihə təqdim etməyib. Nəticədə 2026-cı il müsabiqələrinə 707 QHT-dən 789 layihə daxil olub. 789 layihədən 187-si I mərhələdən - texniki seleksiyadan keçə bilməyib. Onların mütləq əksəriyyətində plagiat aşkarlanıb. Bu QHT-lərə bu ilin yanvar ayında imtina cavabları müvafiq sistem vasitəsilə bildirilib. 602 layihə isə müstəqil ekspertlərin baxışına verilib, hər bir layihə üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq meyarlar əsasında ciddi dəyərləndirmə aparılıb və ekspertiza nəticələri əsas götürülməklə, Müşahidə Şurasında hərtərəfli kollegial baxışdan keçirilib".