Ucnoqta.az
www.ucnoqta.az

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov axtarışa verildi

13:43 - 12 Fevral 2026 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Belə ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası