Ucnoqta.az
www.ucnoqta.az

Premium benzin niyə ucuzlaşmır? - İqtisadçı səbəbləri açıqladı

13:50 - 22 Yanvar 2026 tarixində dərc olunub.

“Premium benzinin (Aİ-95) 2024-cü ildə bir tonunun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci ildə 9% azalaraq 856 (1455 manat) dollara düşüb”.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert Aİ-95 markalı benzininin idxalı ilə bağlı hesablama aparıb və bunu inhisarçılıqla əlaqəli olduğunu deyib:

“1 ton Aİ-95 = 1333 litr = 1455 manat (idxal qiyməti)

1 litr = 1 manat 9 qəpik.

1 litrə 7 qəpik yol vergisi.

18% ƏDV.

Deməli: 2025-də idxal qiyməti 1 manat 9 qəpik + 7 qəpik yol vergisi + 19 qəpik ƏDV = 1 manat 35 qəpik. Satılır 1 manat 60 qəpiyə. Hər litrdən 25 qəpik qazanc.

Həcminə baxaq: Premium markalı avtomobil benzinin ixrac həcmi 2025-ci ilin ilk 11 ayında 128 min ton olub, yəni, 170 mln. 624 min litr. Dekabr ayını çıxasaq, 2025-ci ilin ilk 11 ayında Premium benzinin inhisarçısı 42 mln. 656 min manat pul qazanıb.

Niyə inhisarçı deyirəm – çox sadə, Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, güya, qiyməti bazar müəyyən etməlidir. Amma bazarda cəmi 1 oyunçu var – SOCAR-ın törəmə şirkətləri, qiyməti də onlar müəyyən edir. Rəqabət olsaydı, hər litrinə 25 qəpik qazanc olan biznesə çox oyunçu daxil olmaq istərdi ki, bu da, qiymətlərin aşağı çəkilməsinə xidmət edərdi.

2025-ci ildə Aİ-95-in idxal qiyməti 9% ucuzlaşsa da, pərakəndə satış qiyməti ucuzlaşmayıb”.

Müəllif: Ucnoqta.az redaksiyası