Ucnoqta.az
www.ucnoqta.az

Qrip virusunun yayılmasının artması təbiidir

11:43 - 8 Yanvar 2026 tarixində dərc olunub.

“Hazırda biz qış aylarındayıq və bu dövrdə qripin yayılması pik həddə çatır. Qrip virusu yaşından asılı olmayaraq, bütün insanları yoluxdura bilər. Uşaqlar daha həssas qrupdur və onlar arasında qrip virusunun yayılmasının artması təbii artım kimi qiymətləndirilir”.

Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, hazırda yayılan infeksiya isə fəsli qrip-A qripidir:

“Qrip virusuna ilboyu rast gəlinsə də, qeyd olunan mövsümdə daha çox yayılır. Bu da epidemioloji qanunauyğunluq hesab edilərək, infeksiyanın fəsilliliyini göstərir. Xəstəliyin ümumi əlamətlərinə hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, iştahasızlıq və əsasən, yuxarı tənəffüs yollarının zədələnmələri olan öskürək, boğaz ağrısı, burun tutulması aid edilir. Şəxslər poliklinikalara müraciət edən zaman lazım olduqda onlardan götürülmüş nümunələr xüsusi laboratoriyaya göndərilərək virus təsdiqlənir. Lakin bunun rutin edilməsinin praktik əhəmiyyəti yoxdur”.

Mütəxəssis vurğulayıb ki, qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır:

“Havaların soyuması nəticəsində insanlar daha çox bağlı məkanlarda toplaşır, bağçalarda, məktəblərdə, iş ofislərində otaqların havalandırılması çox az hallarda icra olunur. Otağın havasının 5-10 dəqiqəlik mütəmadi havalandırılması orada olan virusun təxminən 80 faiz azalmasına səbəb olur. Qapalı məkanlarda yaxın təmaslar daha da çoxalır və virusun ötürülməsi asanlaşır. Qapalı məkanlarda virus hissəcikləri daha uzaq məsafəyə yayıla bilir, ümumiyyətlə, rütubətin az olması da virusların daha çox müddət havada asılı qalmasına səbəb olur.

Eyni hal ailə daxilində, mənzillərdə də baş verir. Bundan başqa, qış mövsümündə insan immunitetinin təbii azalması (günəş işığının az olması, vitamin D sintezinin azalması, qida rasionunda vitaminlərin azlığı) da virusların yayılması üçün vacib faktordur. Soyuq hava ilə nəfəs aldıqda burnun selikli qışalarının damarları büzülür və selik ifrazı azalır ki, bu da yerli müdafiənin zəifləməsi və virusların asanlıqla orqanizmə daxil olmasına, yəni yoluxmaya səbəb olur”.

Müəllif: Ucnoqta.az redaksiyası