Ucnoqta.az
www.ucnoqta.az

Vətəndaşların fərdi məlumatları ... - myGov-da təhlükəli eksperiment

15:01 - 27 Dekabr 2025 tarixində dərc olunub.

"Bəzən elə absurd proseslər olur ki, münasibət bildirməyə də vaxt çatışmır. Amma sonradan görürsən ki, problem həll ediblər. Düşünürsən ki, yaxşı ki, çox da asıb-kəsməmisən".

Ucnoqta.az xəbər verir ki, bu barədə AİF prezidenti Osman Gündüz bildirib. Osman Gündüz qeyd edir ki, iki gün olardı ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi myGov üzərindən vətəndaşların fərdi məlumatlarının özəl şirkətlər tərəfindən sorğulanmasını aktivləşdirmişdi:
"Absurd və ağlasığmaz olsa da , bu beləydi. Əvvəl “İcazələrin idarə edilməsi” bölməsində ilkin vəziyyətdə (default olaraq) qapalı olan “məlumat sorğusuna icazə” mexanizmi indi vətəndaşlardan xəbərsiz olaraq aktiv vəziyyətə gətirilmişdi. Mən ilk dəfə bunu görəndə elə bildim ki myGov-a müdaxilə ediblər. Yəni həmin vəziyyətdə istənilən bir DAMBADURUM MMC istənilən bir vətəndaşın şəxsi, ailə, iş, biznes, sosial və s. məlumatlarını sorğulaya blərdi. Daha anlaşıqlı desək, vətəndaşla bağlı hansısa məlumatı əldə etmək üçün sorğulamanı başlatmaq imkanını şirkətə vermişdilər, vətəndaş yalnız sonradan xəbərdar edilirdi".

Ekspertin sözlrəinə görə, əvvəl isə bu imkan myGov-da deaktiv vəziyyətdə idi, yəni şirkət istəsə belə vətəndaşın hansısa məlumatını almaq üçün sorğu göndərə bilməzdi:
"Gərək vətəndaş özü bunu öncədən aktiv edəydi. Düşünürəm ki, yumşaq desəm, bu çox təhlükəli və riskli bir yanaşmaydı. Daha sərt formada yanaşsaq isə, heç GDPR –i demirəm, elə Azərbaycan qanunvericiliyinə baxsaq, bu yanaşmada kriminal tapmaq olardı.

Dünya təcrübəsində və rəqəmsal hökumət fəlsəfəsində bu məsələdə qırmızı xətt var. Default olaraq bütün biznes sorğuları BAĞLI olmalıdır. “Razılıq üçün əvvəl vətəndaşa mesaj gedir” arqumenti də təhlükəni azaltmır. Vətəndaş öz razılığını sorğunu alanda deyil, öncədən verməldir.. Xöşbəxtlikdən bu gün bir daha bu problemə göz gəzdirəndə baxdım ki İRİA problem həll edib. Güman ki, təhlükəsizliyə cavabdeh qurumlar da bu məsələdən xəbərdar olublar".

AİF rəhbəri qeyd edir ki, şirkətlərin vətəndaşlara sorğu göndərmək imkanları artıq deaktiv edilib:

"Düşünürəm ki belə eksperimentlər ciddi bir dövlət resursu üçün yolverilməzdir. Son zamanlar yetərincə faydalı bir resursa çevrilən myGov üçün belə riskli addımlar atmaq, riskli qərarlar qəbul etmək doğru bir yanaşma deyil. Belə yanaşma ümumiyyətlə dövlətə məxsus sistemlərə etimadı sarsılda bilər.

Düşünürəm ki belə addımların tıəkrarlanmaması üçün cavabdeh qurum olan RİNN -in, digər aidiyyatı qurumalrın zəruri tədbirlər görülməsi vacibdir və bu doğru olardı".

Müəllif: Ucnoqta.az redaksiyası