Ucnoqta.az
www.ucnoqta.az

"Starship" qəzası bir neçə sərnişin təyyarəsini təhlükəyə atıb - WSJ

20:12 - 21 Dekabr 2025 tarixində dərc olunub.

Yanvar ayında SpaceX-in Starship prototipinin qəzaya uğraması Karib dənizi üzərində uçan üç sərnişin təyyarəsini ciddi şəkildə təhlükəyə atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sənədlərinə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, kosmik gəmi buraxılışdan bir neçə dəqiqə sonra partlayıb, lakin SpaceX dərhal FAA-ya məlumat verməyib.

FAA-nın bu məlumata ehtiyacı var ki, hava nəqliyyatı dispetçerləri sonradan pilotları dağıntı zonaları barədə xəbərdar edə və təyyarələri oradan yayındıra bilsinlər.

Hadisə təxminən 450 nəfər daşıyan üç təyyarəni təhlükəyə atıb.

FAA sənədlərində kosmik gəminin partlamasının yanan dağıntıları 50 dəqiqə ərzində səpələdiyi və bunun da üzərindən uçan təyyarəyə dəyə biləcəyi bildirilib. Hava nəqliyyatı dispetçerlərinin səyləri sayəsində fəlakətin qarşısı alınıb.

17 yanvarda SpaceX yeddinci sınaq uçuşu zamanı Starship prototipinin itirilməsi barədə məlumat verib. Şirkətin sahibi Elon Musk daha sonra qəzaya yanacaq sızmasının səbəb olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası