Ucnoqta.az
www.ucnoqta.az

Xocalının bu kəndlərinə köç karvanları yola salınıb

15:32 - 16 Dekabr 2025 tarixində dərc olunub.

Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ucnoqta.az xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Seyidbəyli kəndinə 10 ailə 41 nəfər, Təzəbinə kəndinə isə 10 ailə 44 nəfər köçürülüb.

Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda  qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Müəllif: Ucnoqta.az redaksiyası