Ucnoqta.az
www.ucnoqta.az

Uçot dərəcəsi endirilsə də kreditlər ucuzlaşmayacaq - Ekspert

13:00 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

Ucnoqta.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Mərkəzi Namkın uçot dərəcəsi ilə bağlı qərarını şərh edərkən deyib.
Ekspert bildirir ki, Mərkəzi Bank kommunikasiya məsələsini xeyli düzəldib deyə, qərarlarını öncədən proqnoz etmək asanlaşıb, bu faiz endirimi də gözlənilən idi:

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda iqtisadi sistem çox primitiv, bazar alətləri və institutlarının zəif olduğuna görə MB-ın faiz qərarlarının iqtisadiyyata təsirləri çox az olur:
Manat dollara pərçimləndiyənə görə, ABŞ-da FED nə qərar verirsə, bizim MB da o yöndə qərarlar alır. Dünyada MB-lar faizi aşağı salanda nə olur – bəli, pul (likvidlik) bolluğu artır, kredit faizləri aşağı düşür. Bu formul Azərbaycanda işləyirmi – demək olar ki, yox, işləmir. Məsələn, 2014-cü ildə uçot dərəcəsi 3,5% olub, amma, istehlak və biznes kreditləri ikirəqmli idi, 14-24% arası dəyişirdi. Devalvasiyalardan sonra, 2016-17-cı illərdə MB-ın uçot dərəcəsi 15% oldu – yaxşı, kredit faizlərinə təsir etdimi, cüzi təsiri oldu, kredit faizləri 18-28% arası dəyişirdi.

Yəni, uçot dərəcəsi 2 ildə 5 dəfəyə yaxın artdı, amma, kreditlərin faizi cəmi 4-5% arası artım göstərdi. 2019-da uçot dərəcəsi 9% civarında idi, kredit faizləri isə ciddi azalma göstərmədi".

İqtisadçı qeyd edir ki, bu gün Azərbaycanda uçot dərəcəsi, lap 4-5% də olsa, kreditlər ucuzlaşmayacaq:
"Kreditin ucuzlaşması üçün depozit faizləri də azalmalıdır – indi banklar 9-10% civarında depozitə faiz verirlər, onlar bu faizi 3-4%-ə salsalar, banklara pul qoyan olmayacaq, sərbəst pul kütləsi valyutaya gedəcək. Tutaq ki, möcüzə oldu, banklar kreditləri 3-5% arasına çəkdilər, o zaman primitiv iqtisadi modelə malik məmləkətdə daxili istehsalla məşğul olmaq çətindir deyə, kredit alan da idxala girişəcək, bunun üçün atacağı ilk addım, yenə də manatı valyutaya çevirmək olacaq. Deməli, manata basqı artacaq ki, məzənnəni inzibatı yolla indiki nisbətdə saxlamaq mümkün olmayacaq.

Azərbaycanda Mərkəzi Bankın requlyativ alətlətlərinin işlək və iqtisadiyyata müsbət təsirlərinin olması üçün ilk növbədə indiki primitiv iqtisadi model dəyişməlidir".

Müəllif: Ucnoqta.az redaksiyası