Bakıdan marketdən SAGA tipli ödəniş terminalını araba ilə oğurlayan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində yerləşən "İrşad Market"də baş verib.
1992-ci il təvəllüdlü P.O. borcları çox olduğu üçün bu cinayət əməlini törətdiyini etiraf edib. O, içkili halda gecə saat 03.00 radələrində armaturla "İrşad Market"in qapısını sandıraraq içəriyə daxil olub.
Mağazada səs-küyün yaranmasından ehtiyat edərək ödəmə aparatını oradan çıxartmaq və başqa yerdə içindəki pulları götürmək qərarına gəlib.
Bu məqsədlə yolun kənarına atılmış köhnə təkərli arabanı götürərək ödəmə aparatını onun üzərinə qoyub və marketin sağ tərəfindəki boşluq hissəyə aparıb. O, ödəmə aparatının kassa hissəsini armaturla açaraq 4951 manat pul götürüb. Həmin puldan 300 manatını borcuna verib və qalanını gizlədib.
Məhkəmənin hökmü ilə P.O. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib və 2 il 5 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.