Ucnoqta.az
www.ucnoqta.az

Yasamaldakı yanğında xəsarət alan Ləmanın son durumu: Komadan ayıldı

13:25 - 3 Dekabr 2025 tarixində dərc olunub.

Yasamaldakı yaşayış binasında baş verən yanğında ağır xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamova hazırda Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.

Pasiyentin vəziyyəti ağır stabildir. Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıq və adekvatdır. Lakin hələ də yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi tətbiq olunur. Tənəffüs patterni tam normallaşmadığı üçün intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir" - açıqlamada deyilir.

Qeyd edək ki, yanğın zamanı 3 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb. Həlak olanlar arasında Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova, Ləmanın anası da olub.

Yanğınla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası