Ucnoqta.az
www.ucnoqta.az

"Media əməkdaşlığı TDT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir" - Əhməd İsmayılov

12:38 - 28 Noyabr 2025 tarixində dərc olunub.

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın media inkişafına dair milli təşəbbüsləri ilə səsləşməklə ortaq tarix, dil və mədəni identikliyin birləşdirdiyi regionun aparıcı təşkilatlarından biri kimi mühüm rol oynayır. Təşkilat siyasi və iqtisadi sahələrlə yanaşı, informasiya və media kimi həyati əhəmiyyətli bir sahədə də əməkdaşlığı dərinləşdirməyə çalışır.

Ucnoqta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, informasiya, media əməkdaşlığı TDT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. İllik əsasda keçirilən toplantılar, işçi qrup iclasları, koordinasiya komitələri, seminar və təlimlər üzv dövlətlərin media sahəsi ilə bağlı peşəkarlarını bir araya gətirən səmərəli mexanizmdir. Azərbaycan üçün TDT çərçivəsində bu sahədə fəal əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir:

“Biz təşkilatı təkcə diplomatik müzakirə platforması kimi deyil, eyni zamanda, dezinformasiya, hibrid informasiya təhdidləri, eləcə də Türk dünyasının vahid, davamlı informasiya məkanının qurulması kimi müasir çağırışları birlikdə həll etmək baxımından strateji çərçivə kimi görürük. Azərbaycan TDT çərçivəsində əməkdaşlığı gücləndirməklə qarşılıqlı etimad, ortaq dəyərlər və peşəkar dürüstlük üzərində qurulmuş və daha dərin inteqrasiya olunmuş media mühitinə sadiqliyini ifadə edir”.

İcraçı direktor, həmçinin vurğulayıb ki, əslində, Türk Dövlətləri Təşkilatı olduqca mühüm strateji platforma təqdim edir:

“Biz birgə səylərimizlə təkcə Türk dünyasının birliyini və qlobal səviyyədə tanınmasını artırmır, həm də informasiya suverenliyimizi qoruyur və ortaq identikliyimizi əks etdirən media mühitini formalaşdırırıq”.

Müəllif: Ucnoqta.az redaksiyası