Ucnoqta.az
www.ucnoqta.az

Oğuz və Şəkidə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

14:22 - 7 Noyabr 2025 tarixində dərc olunub.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Oğuz və Şəki rayonlarında Zəfər Gününə həsr olunmuş tədbirlərdə iştirak edib.

Ucnoqta.az xəbər verir ki, Şəki şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbində və Oğuz rayonu M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbirlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirlər Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirlərdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvlərini, qonaqları və təhsil işçilərini təbrik edib. İdarə müdiri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıq sayəsində torpaqlarımızın işğaldan azad edilməsinin xalqımızın tarixi qələbəsi olduğunu vurğulayıb. Bildirib ki, bu Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun şücaətinin təntənəsidir.

Digər çıxış edənlər də Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyətindən, şəhidlərimizin və qazilərimizin göstərdiyi fədakarlıqlardan söz açaraq, bu möhtəşəm tarixin gələcək nəsillərə bir qürur nümunəsi kimi çatdırılmasının vacibliyini qeyd ediblər.

Tədbirlər şagirdlərin ifasında şanlı Zəfərimizə həsr olunan ədəbi-bədii kompozisiyalarla davam edib.

Müəllif: Ucnoqta.az redaksiyası