Ucnoqta.az
www.ucnoqta.az

Qarabağ Universitetində yeni TƏYİNAT

12:52 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Qarabağ Universitetində yeni dekan təyin olunub.

Ucnoqta.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Exeter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012–2016-cı illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb.

K.Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə malikdir. Belə ki, o, 2015–2022-ci illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2022-ci ildən etibarən isə dünyanın nüfuzlu universitetlərindən sayılan Southampton Universitetində dosent vəzifəsində fəaliyyətini davam etdirib. Mühasibat uçotu və biznes sahəsində beynəlxalq nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələrin müəllifidir.

Müəllif: Ucnoqta.az redaksiyası