Ucnoqta.az
www.ucnoqta.az

MDB ölkələri sənaye əlaqələrini gücləndirməyi planlaşdırır

13:03 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Bu il Tacikistanın sədrliyi dövründə bir neçə sənədin qəbulu sayəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri sənaye əməkdaşlığını gücləndirə, malların gömrük rəsmiləşdirilməsini sürətləndirə, onların daşınmasında şəffaflığı artıra biləcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev “Xovar” agentliyinə müsahibəsində bildirib.

O xatırladıb ki, Tacikistanın 2025-ci ildə MDB-yə sədrliyi konsepsiyasına əsasən, sənaye əməkdaşlığı mövzusuna üstünlük verilir.

Lebedevin sözlərinə görə, Düşənbə tərəfindən hazırlanmış və iyunun 5-də imzalanmış MDB-yə üzv dövlətlər arasında ağır maşınqayırma sənayesinin inkişafı sahəsində əməkdaşlıq haqqında saziş “sənaye istehsalını inkişaf etdirmək, onu yeni texnoloji həllərə uyğun maşın və avadanlıqlarla təmin etmək, ölkələrdəki sənaye müəssisələrini səmərəli əməkdaşlığa həvəsləndirmək və onların məhsullarının rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır”.

Bundan başqa, sentyabr ayında MDB-yə üzv dövlətlərin əsas multimodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması strategiyası qəbul edilib.
MDB baş katibi həmçinin qeyd edib ki, Tacikistanın sədrliyi 2030-cu ilə qədər MDB-nin iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi üzrə tədbirlər planının hazırlanmasının yekun mərhələsini təşkil edib.

Bu sənəd investisiya və elmi əməkdaşlığın dəstəklənməsi, innovasiya sahəsində əməkdaşlığın intensivləşdirilməsi, MDB ölkələrində əlverişli biznes mühitinin təmin edilməsi və s. üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Müəllif: Ucnoqta.az redaksiyası