Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosunda qadın uşaq doğdu - YENİLƏNİB

10:00 - 8 Avqust 2025 tarixində dərc olunub.

08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

09:04

Bu gün 8 avqust 2025-ci il, saat 07:40 radələrində “20 Yanvar” stansiyasında bir qadın dünyaya uşaq gətirib. 

Ucnoqta.az bu barədə Bakı Metropoliteninə istinadən xəbər verir.

Hadisə zamanı stansiya əməkdaşları dərhal hərəkətə keçərək zəruri ilkin tibbi yardımı göstəriblər.

Çağırılmış təcili tibbi yardım briqadası qısa müddətdə stansiyaya çataraq ana və körpəyə tibbi müdaxilə edib. İlkin məlumata görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir.

Ana və körpə saat 08:06-da stansiyadan xəstəxanaya təxliyə olunublar.

"Bakı Metropoliteni olaraq, hadisənin təhlükəsiz və operativ şəkildə həllində iştirak edən bütün əməkdaşlara və tibbi personalına təşəkkür edirik", - Bakı Metropolitenindən bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası