Ucnoqta.az
www.ucnoqta.az

Narkotik plantasiyasını videokamera ilə izləyən şəxs tutulub

10:28 - 27 İyun 2025 tarixində dərc olunub.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib. V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb.

Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası