Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda 27 nəfərə hüquq xidməti göstərilib

10:28 - 25 İyun 2025 tarixində dərc olunub.

Regional İnsan Hüquqları və Media Mərkəzi Xaçmaz rayonunda ehtiyacı olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilməsini təşkil edib.

Xidmət təşkilatın “Konstitusiya və Suverenlik İli”ndə icra etdiyi “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Xaçmaz Tarix-Diyarşünaslıq Müzeyinin akt zalında təşkil olunan tədbirə Xaçmaz rayonundan olan 27 nəfər qatılıb. 
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. 

Layihə rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edir. 3 ay müddətində icra olunacaq layihənin əsas məqsədi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarında yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək,  məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir. Artıq Ağcabədi və Goranboy rayonlarında müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib. Bu gün üçüncü rayon kimi Xaçmaz rayonuna gəlmişik.

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. 
Xaçmaz sakinlərinin müraciətləri əsasən müharibə iştirakçılarının sosial hüquqları,  şəhid ailəsi üzvünün təhsil haqqının ödənilməsi, ehtiyata buraxılan hərbçilərin sosial müavinətinin ödənilməsi, əmək hüquqları, müharibədə xəsarət alan şəxslərə sığorta pulunun ödənilməməsi, əlillikdən imtina, məşğulluq və işlə təminat, pensiya hüququ ilə bağlı olub. 

Görüş zamanı 6 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.  

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail ([email protected]) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur.

Müəllif: Ucnoqta.az redaksiyası