Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Dəmir Yolları 145: Dünən, bu gün, sabah…

13:48 - 23 İyun 2025 tarixində dərc olunub.

Azərbaycanın coğrafi mövqeyi onu Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunda çıxış etməyə imkan verir. Azərbaycan bu strateji üstünlüyünü istifadə edərək, bir çox beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilmişdir.

Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi, Orta Asiya, Qafqaz, Rusiya, İran və Türkiyə ilə qonşuluq, Avropa və Asiyanı birləşdirən əsas yolların üstündə olması yerləşdiyi coğrafi mövqedən və inkişaf etdirdiyi infrastrukturdan istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm bir həlqəsinə çevirmişdir. Bu, həm ölkə iqtisadiyyatına töhfə verir, həm də onun geosiyasi çəkisini artırır.

Azərbaycan dəmir yolu 145 il əvvəl
Azərbaycanda ilk dəmir yolu 1880-ci illərdə tikilib. 20 yanvar 1883-cü ildə Bakı – Sabunçu – Suraxanı – Balaxanı xətti istifadəyə verilib. Bu mühüm infrastruktur layihəsi ölkənin iqtisadi və nəqliyyat sistemində böyük rol oynayıb.
Bu xəttin tikilməsi əsasən Bakı neft sənayesinin inkişafı ilə bağlı idi. Məqsəd neft quyularından hasil olunan neftin Bakının dəniz limanına və zavodlara rahat şəkildə çatdırılması idi.

Daha sonra 1883-cü ilin 10 mayında Bakıdan Tiflisə qədər dəmir yolu istifadəyə verildi. Bu xətt Bakı – Biləcəri – Kürdəmir – Gəncə – Tiflis marşrutu üzrə uzanırdı və Bakı-Tiflis dəmir yolu adlanırdı. Bu yol həm sərnişin, həm də yük daşımaları üçün istifadə olunurdu və Cənubi Qafqazda dəmir yolu əlaqələrinin əsas sütunlarından birinə çevrildi.

Qeyd edək ki, ilk dəmir yolu dar tərkibli relslərlə inşa edilmişdi. Lokomotivlər və vaqonlar əsasən Rusiya və Avropa istehsalı idi.
Dəmir yolu neftin daşınmasında o qədər əhəmiyyətli oldu ki, 19-cu əsrin sonlarına doğru Bakı Rusiyanın əsas sənaye şəhərlərindən birinə çevrildi. Neft sənayesini dəstəkləmək, Rusiyanı Qafqazla bağlamaq, Orta Asiyaya çıxış əldə etmək üçün digər istiqamətlərdə də dəmiryolu xətləri istifadəyə verildi.
Belə ki, 1900-cü ildə Bakıdan şimal istiqamətində Şollar–Ələt–Yalama xətti, 1908 –ci ildə Culfa–Yerevan–Tbilisi istiqamətində Naxçıvan hissəsi istifadəyə verildi. Sovetlər dönəmində Azərbaycanda dəmir yolunun uzunluğunu və əhatəsini xeyli artırıldı.
1950–1970-ci illərdə Bakı metroloji sistemi və şəhərətrafı dəmir yolları inkişaf etdirildi. Əhəmiyyətli marşrutlar olan Bakı–Ağstafa, Bakı–Astara, Yevlax–Balakən, Bərdə–Tərtər və s. istifadəyə verildi.
1950-ci illərdən etibarən bəzi xəttlər elektrikləşdirildi, körpülər, tunellər və dəmir yolu stansiyaları modernləşdirildi.

Torpaqların işğal altında olması dəmiryolunun inkişafını ləngidirdi

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir çox xətlər sıradan çıxdı və ya yararsız hala düşdü. İşğal altında qalan dəmir yollarına aid infrastruktur dağıdılaraq Ermənistana daşındı.
Müharibənin təsiri nəticəsində iqtisadi çətinliklər səbəbindən dəmiryollarında modernləşmə ləngiyirdi. Azərbaycanın dəmir yollarında müstəqillikdən sonra yenidənqurma və inkişaf işlərinə başlanıldı. Bu mərhələ əsasən 2000-ci illərin ortalarından başlayaraq infrastrukturun müasirləşdirilməsi, regional dəhlizlərə inteqrasiya, və işğaldan azad edilmiş ərazilərdə bərpa layihələri ilə xarakterizə olunur.
2000-ci illərdən sonra dəmiryolu sahəsində canlanma yaransa da, torpaqların işğal altında olması dəmiryolu infrastukturunun inkişafına mane törədirdi.
2017-ci ildə uzunluğu 846 km (Azərbaycan hissəsi ~500 km) olan Bakı–Tbilisi–Qars dəmir yolu (BTQ) istifadəyə verildi. BTQ-nin çəkilməsi və istismarı minlərlə yeni iş yerinin yaranmasına, regionların iqtisadi canlanmasına səbəb oldu.

BTQ-nin əhəmiyyəti çoxşaxəlidir və həm regional, həm də qlobal səviyyədə geosiyasi, iqtisadi və nəqliyyat baxımından ciddi rol oynayır.  Bu xətt Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya bağlayır.
BTQ Çindən Avropaya uzanan “Orta Dəhliz”in (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas hissəsidir. Bu marşrut Rusiyadan yan keçərək Qafqaz və Türkiyə üzərindən Avropaya birbaşa yük daşınması imkanı yaradır.
Rusiya-Ukrayna müharibəsi və sanksiyalar fonunda BTQ alternativ və təhlükəsiz yük marşrutu rolunu oynayır.
Bu yol Türkiyə və Azərbaycan arasında nəqliyyat inteqrasiyası üçün də əhəmiyyət daşıyır. Ermənistan ətrafında olan keçmiş gərginliklər fonunda BTQ Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaradan yeganə marşrutdur. BTQ bölgədə ixrac və idxal imkanlarını genişləndirir, xüsusilə qeyri-neft sektoru üçün yeni bazarlara çıxış imkanı verir.
Bu yol dəniz yoluna və uzunmüddətli marşrutlara nisbətən daha sürətli və bəzən daha sərfəli daşınma təklif edir. Həmçinin Çin və Avropa arasında rabitə rolunu oynayaraq Çinlə Avropa arasında etibarlı yük daşımalarını təmin edən marşrutlardan biridir.
Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında 7,1 mln. ton yük, 3 881,7 min sərnişin daşınıb.

Regional dəhlizlər və beynəlxalq əməkdaşlıq

Azərbaycanın əlverişli coğrafi mövqeyi onu təkcə regional deyil, həm də beynəlxalq nəqliyyat-logistika sistemində mühüm aktora çevirib. Son illər ərzində bu üstünlükdən maksimum istifadə olunaraq, ölkədə müasir logistika infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. 
Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt dəmir yolu qovşağı Azərbaycanın nəqliyyat siyasətinin əsas sütunlarını təşkil edir. Onların fəaliyyəti təkcə ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanında ticarət və yükdaşımaların inkişafına güclü təkan verir.
ADY Türkiyə, Gürcüstan, Rusiya, İran, Çin kimi ölkələrlə dəmir yolu əməkdaşlıqları inkişaf etdirir. 
Çin, Almaniya və Avstiyanın nüfuzlu nəqliyyat və logistika şirkətlərinin, həmçinin Avropanın iri limanlarının rəhbərləri ilə bir sıra mühüm məsələləri, o cümlədən beynəlxalq dəhlizlər üzrə əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı, daha səmərəli Çin-Avropa-Çin bağlantısına ADY-nin verə biləcəyi töhfələr müzakirə olunur.
Müzakirələr zamanı bu şirkətlərin Azərbaycanın mühüm nəqliyyat-logistika qovşağı kimi imkanlarından istifadəyə artan marağı və ADY-nin beynəlxalq yükdaşımalarda əsas tərəfdaş kimi diqqət mərkəzində saxlanılır.

Dəmir yolu ilə yanaşı səmərəli yükdaşımanın təşkili üçün dəniz limanları arasında əlaqələrin genişləndirilməsi ətrafında da fikir mübadiləsi aparılır.
ADY Beynəlxalq Dəmir Yolları İttifaqı, TRACECA, OSJD və digər platformalarda aktiv iştirak edir.
Azərbaycan dəmir yollarında yenidənqurma və inkişafı regionun nəqliyyat mərkəzinə çevrilməsi, tranzit gəlirlərinin artması, işğaldan azad olunmuş ərazilərin bərpası, ətraf mühitə dayanıqlı sistemin qurulması məqsədlərinə xidmət edir.
İqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli bizə açıqlamasında Azərbaycan dəmir yollarının Azərbaycanın beynəlxalq yükdaşıma xabına çevrilməsi üçün uzun illərdir fəaliyyət göstərdiyini qeyd etdi.

Natiq Cəfərli bildirir ki, Azərbaycan hökumətinin aldığı qərarlar istər Cənub-Şimal dəhlizi olsun, istəyir Şərq-Qərb dəhlizi olsun, çox ciddi Azərbaycanlı rolunn yüksəldilməsi nəzərdə tutulur:
“Bu çərçivədə Azərbaycan dəmir yolları da üzərinə düşən öhdəlikləri və vəzifələri, tapşırıqları həm dəmir yollarının modernləşdirilməsi, yeni dəmir yolları xəttlərinin çəkilməsi, dəmir yollarında effektivliyin artırılması istiqamətində yerinə yetirir. Çünki yükdaşımada əsas məsələ tariflər və sürətdir. Yəni Azərbaycan dəmir yolları da Gürcüstan, Qazaxıstan və digər region ölkələri ilə artıq bir konsorsium yaradaraq tariflərin optimallaşdırılması üzərində iş aparır ki, bu da gələcəkdə tranzit yükdaşımalarında mühüm rol oynayacaq”. 
İqtisadçının sözlərinə görə, Azərbaycan üzərindən blok konteynerlərin, qatarların Çindən Avropaya çatdırılmasında kifayət qədər qısa məsafə və qısa zaman kəsimində bunun həyata keçirilməsi artıq sübut olunub: 

“Yəni eksperimental da olsa, bir neçə dəfə belə yükdaşımalar həyata keçirilib və kifayət qədər effektiv də olub. Bu hələlik Bakı-Tblisi-Qars dəmir yolu vasitəsilə həyata keçirilir, gələcəkdə Zəngəzur dəhlizi yollarının açılması da bu yolların, yəni bu yükdaşımaların zamanının daha da azaldılmasına xidmət edəcək. Yəni ümumilikdə götürəndə  Azərbaycanın bir konsepsiyası var, beynəlxalq yükdaşıma xabına çevrilmə konsepsiyası. Azərbaycan dəmir yolları da bu konspesiya çərçivəsində öz üzərinə düşən öhdəlikləri və vəzifələri yerinə yetirməklə məşğuldur və kifayət qədər uğurlu nəticələr də artıq əldə olunub”.
Həm Bakı limanı, həm də Ələt qovşağı, Azərbaycanın Orta Dəhliz, Şimal–Cənub Dəhlizi, Lapis-Lazuli və TRACECA kimi beynəlxalq nəqliyyat layihələrində fəal iştirakına praktiki dəstək verir. Bu obyektlər vasitəsilə Azərbaycan yalnız tranzit ölkəyə çevrilmir, həm də yüklərin sürətli, etibarlı və ekoloji cəhətdən səmərəli daşınmasını təmin edən tərəfdaş kimi çıxış edir.
Hazırkı qlobal geosiyasi vəziyyətdə, xüsusilə Rusiya–Ukrayna münaqişəsi fonunda ənənəvi nəqliyyat marşrutlarının risk altına düşməsi ilə Azərbaycan alternativ və təhlükəsiz marşrut təklif edən mərkəzə çevrilib. Bu isə ölkəyə yeni iqtisadi və siyasi üstünlüklər qazandırır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Elməddin Muradlı bildirir ki, Bakı limanı yaşıl texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə, ekoloji davamlılıq və enerji effektivliyi sahəsində qabaqcıl nümunədir.

“Limanda gömrük, anbar, konteyner yığımı və logistika xidmətləri yüksək səviyyədə təşkil olunmuşdur. Bu isə Azərbaycanı təkcə tranzit ölkə deyil, həm də regional logistika mərkəzi kimi təqdim edir.”

2018-ci ildə istifadəyə verilmiş yeni Bakı limanı Xəzər hövzəsində ən böyük və ən müasir dəniz ticarət limanı hesab olunur. Limanın yerləşdiyi Ələt qəsəbəsi, Bakının cənub-qərbində yerləşərək regionun əsas nəqliyyat arteriyalarına birləşir. Burada dəmir yolu, avtomobil və dəniz nəqliyyatı inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Orta Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklər burada qəbul olunur və dəmir yolu ilə Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınır. 

Dəmir yollarının inkişafı prioritetdir

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə dəmir yollarının yenidən qurulması prioritet elan olunub.
Uzunluğu 140.6 km olan Horadiz–Ağbənd dəmir yolunun layihələndirmə böyük hissəsi tamamlanıb. Bu xətt Zəngəzur dəhlizinin Azərbaycan hissəsini təşkil edir.
Uzunluğu 47,1 km olan  Bərdə–Ağdam dəmir yolu tamamlanıb. Bu xəttlər gələcəkdə turizmi, iqtisadiyyatı və nəqliyyat sistemini canlandırmaq üçün nəzərdə tutulub. 2024-cü ildə 303 yeni platforma vaqon və 18 drezin alınıb. 605 konteyner platforması üçün satınalma prosesi başlayıb.

Prezident İlham Əliyev dəmir yolunun strateji nəqliyyat infrastrukturu kimi inkişafına xüsusi önəm verir və bu sahənin regional və beynəlxalq əhəmiyyətini artırmaq məqsədilə geniş islahatlara rəhbərlik edir.

Elməddin Muradlı bildirir ki, dəmir yolları son dövrlər çox ciddi inkişaf mərhələsindən keçir: 
“Real faktlarla, real mənzərə ilə bunu görürük. Təsadüfi deyil ki, cənab prezident İlham Əliyev Azərbaycan dəmir yollarının son iki ildə artıq gəlirlə işləməyə başladığını, dövlətə gəlir gətirdiyini bildirib. Bu dövlətin iqtisadi imkanlarına öz təsirini göstərir. Yükdaşımalarda ciddi artım müşahidə olunur. Bu artım 2024-cü ildə 28% təşkil edib”. 
Ekspert qeyd edir ki, daxili xəttlər həm də ki beynəlxalq xətt kimi də istifadə olunur:
“Bu yaxınlarda Bakı-Qazax sürət qatarı açıldı. Daxili xəttlərin bərpası həm də gələcəkdə beynəlxalq dəhlizlərin inkişafı üçün də səmərəli olacaq. Beynəlxalq əlaqələrin inkişafında, dəhlizlərin rolu böyükdür və bu gün dəmir yollarının Zəngəzur dəhlizinə aid olan hissəsində işlər demək olar ki tamamlanıb. Bu layihə ən böyük beynəlxalq dəhliz rolunu oynayacaq.  Zəngəzur dəhlizi bütün dünyanın, xüsusən də, Orta Asiyadan gələn yüklərlə bağlı dövlətlərin hamısının maraqlarına uyğundur. Çin bu dəmir yolu ilə bağlı Azərbaycanı dəstəkləyir. Həmçinin, böyük dəhlizin keçəcəyi, İpək yolunun keçəcəyi ölkələrdən hər biri ilə danışıqlar aparır və hər birinə də dəstək göstərməyə çalışır”. 

Emin NƏBİLİ

“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”

Müəllif: Ucnoqta.az redaksiyası