"Dünyada ümumiyyətlə düşmənə uduzmuş ölkələr bayraq yandırır. Məsələn, ərəblər ABŞ və İsrailin bayrağını, Türkiyədə ABŞ-ın bayrağını, İranda gah ABŞ, gah da İsrail bayrağını yandırırlar. Ukrayna və Gürcüstanda da Rusiya bayrağı yandırılır".
Ucnoqta.az “Hraparak”a istinadla xəbər verir ki, bunu politoloq Yervand Bozoyan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dizayner Aram Nikolyanın Azərbaycan bayrağını yandırması sualına cavab verərkən deyib:
"Biz ənənəvi olaraq aprelin 23-də Türkiyə bayrağını yandırırıq. Bayrağı yandırmaq o deməkdir ki, onu yandıran rəqibinə məğlub olub, ondan qisas ala bilmir və bayraq yandırır.
Xatırlayırsınızsa, 2020-ci ildən əvvəl Bakıda da Ermənistan bayrağı yandırılmışdı. Onlar ona görə yanırdılar ki, Azərbaycan məğlub olan tərəf, Ermənistan qalib oldu. Nikol Paşinyan beş il ərzində qalib gələn xalqı uduzanlara çevirdi. Belə çıxır ki, erməni xalqı qisasla itirdiklərini geri qaytara bilmir və əsəbi halda belə addımlara əl atır. Son günlərdə itkilərimiz, yaralılarımız oldu. Azərbaycan Ermənistanı qarğıdalı kimi dənləyir. Belə bir şəraitdə Ermənistan bu cür tədbirlər təşkil edəndə, Azərbaycan nümayəndələrini Ermənistana gətirəndə ictimai qəzəb yaranır. Təbii ki, bu hadisələr beynəlxalq platformalarda qəbuledilməzdir, lakin hakimiyyət günahkardır, çünki əslində baş verənləri dərk etmək istəmirlər. Ermənistanda bugünkü reallığa məhəl qoymamaq özünü aldatmaqdır. Xalqımız əvvəldən hər cür aldadılıb. Əvvəlcə dedilər ki, 2018-ci ildə sevgi və tolerantlıq inqilabı baş verdi, amma əslində parçalanma və məhvetmə inqilabı oldu. Bu adamlar zəfər qazanacaqlarını elan etdilər, amma əldə etdikləri bütün qələbələri puç etdilər. Bizə sülh vəd olunub, amma sülh əvəzinə müharibə görürük.
Politoloq qeyd edir ki, Aram Nikolyanın addımı çarəsizlik addımı idi:
"Mən də öz növbəsində ümidsizliyi bu hakimiyyətlərlə və onların hərəkətləri ilə əlaqələndirirəm. Bunlar xalqımızı məğlub millət etdi, ləyaqətini sındırdı. Onlar bizim müttəfiqlərimizi özlərindən uzaqlaşdırdılar və biz bu gün böyük təhlükəsizlik təhlükəsi ilə üz-üzə olan qorxmuş və çıxılmaz bir xalqa çevrilmişik. Belə bir şəraitdə reallığa göz yummaq olmaz, başqa əməllərə əl atmaq lazımdır. Camaatın qəzəbi və ümidsizliyi yerindədir. Təbii ki, qəzəbin bu cür təzahürləri cəsarət sayılmamalıdır, bu, ümidsizliyin nəticəsi olduğu üçün faciədir. Güclü dövlətlər bayraq yandırmaz. Məsələn, ABŞ və Rusiyada heç vaxt bayraq yandırmayıblar".