Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərə qarşı ittiham irəli sürülüb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində başlanmış cinayət işinə rəhbərlik edən prokuror müstəntiqin vəsatətini təmin edib.
Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, elə həmin gün Aqşin Bəbirov və Hüseyn Axundova ittiham elan edilib. İrəvan şəhər Baş Yurisdiksiyası Cinayət Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.