Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində və Nizami rayonu, C.Naxçıvanski küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkarlanıb.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşaat işlərinin qarşısı alınaraq tikintilərin sökülməsi təmin edilib.
Bundan əlavə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində mərtəbələrarası örtüyün sökülməsi faktı aşkar edilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz söküntü işlərinin qarşısı alınıb və mərtəbələrarası örtük əvvəlki vəziyyətinə bərpa olunub.