Ucnoqta.az
www.ucnoqta.az

Belə bir dini liderə o qədər ehtiyacımız vardı ki!!!

12:02 - 2 Mart 2023 tarixində dərc olunub.

Kənar müəlliflərin, qurumların redaksiyalara  elektron poçt vasitəsilə yazı, press-reliz göndərməsi ənənəsi təzəcə başlamışdı. Odur ki, yazı göndərənlərin adlarını yadda saxlamaq, kimlikləri ilə maraqlanmaq asan idi.

Diqqətimi həmişə toplu mail-lə yazı göndərən bir QHT çəkmişdi. Mətnləri mənəvi- əxlaqi mövzularda olar və çox rahat dildə, məntiqli və savadlı tərtib olunardı. Maraqlandıq, bir qrup tələbə və ali məktəbi yenicə bitrimiş gənclər idi.

Bir neçə il sonra  dindar dostlarımın cümə günləri Məşədi Dadaş məscidinə, gənc bir imam camaatın  etdiyi xütbələrə qulaq asmaq üçün tələsdiyinin şahidi olmuşam. Kimliyini soraqladım, həmin gənc QHT rəhbəri imiş, artıq həyat yolunu müəyyənləşdirmiş, tanınmış din xadiminə çevrilmişdi.
Sonra milli kimliyimizim biçimlənməsində İslamın rolu haqda olduqca mükəmməl bir müsahibəsi ilə tanış oldum. Demək ki, ilkin təəssüratlarım, zənnim məni aldatmamışdı. Dini sahəyə milli -azərbaycançı hissləri olan biri gəlmişdi. İmanını müxtəlif elmi biliklərlə, vətən sevgisi ilə bütövlüşdürən gerçək bir dini lider yetişməkdə idi. 

Dini sahənin xarici ideoloji  fabriklərin xomeyniçi, radikal sələfi, adnançı, gülənçi  məhsulları ilə dolub -daşdığı, müxtəlif yeni dini cərəyanları seçən az qala bütün neofitlərin ənənəvi Azərbaycan İslamından getdiyi vaxt  belə bir dini liderə o qədər ehtiyacımız vardı ki!!!

Hər dəfə Azərbaycan İslamını yad təsirlərdən xilas etmək haqda,  "Azəri TOMOS"-u şərti adını verdiyimiz prosesdən yazanda , keçmişdə və indi  təmasda olduğum fərqli instansiyalardan olan şəxslərlə qənaətlərimizi bölüşəndə ağla gələn cəmi 3-4 isimdən biri idi Hacı Şahin. Bilirəm ki, bu, yalnız bir nəfərin qənaətləri deyildi, ən fərqli səviyyələrdə bu cür qənaəti bölüşən yüzlərlə şəxs var.
Di gəl, hələ ki o qənaətlər deyil, ya adnançı, ya gülənçi, ya xomeyniçi, ya sələfi, ya da ateist mövqedən o isimlərə olmazın böhtan atanların mövqeyi güc gəlir.
Sağkən ünvanına yazılanlar əksərən olduqca qərəzli, məntiqdən kənar idi. Tənqidçilərindən  biri hikkəylə  Hacını "şəiliyə meyil etməkdə"  də suçlamışdı. Guya şiə din xadimi daha nəyə meyil etməliymiş? İndi o tənqidçilər elə yanğıyla elegiya yazırlar ki...  

Dönüb Məşədi Dadaş məscidindəki izdihama, sosial mediadakı reaksiyalara baxın. Həm də yaxşı baxın!. Azərbaycan dindarı budur, onu yad təsirlərdən çıxaracaq dini liderlərini də tanıyır. O kütləyə də, o kütləni ardınca apara biləcək şəxslərə də sahib çıxmaq lazımdır. İtirəndən sonra təəssüflənmək insani bir hissdir. Amma biz onları itirməyə də bilərik axı.

Ölümü haqda artıq  müxtəlif ehtimallar səslənməyə başlayıb. Ola bilərmi? Təəssüf ki hə. Çünki azəri tomosunu istəməyən maraq dairələri, türk(iyəli)lər demiş, "iç ve dış mihraklar" yetərincə çoxsaylı, çoxşaxəlidir...

Cəmaləddin QULİYEV

Müəllif: Ucnoqta.az redaksiyası