"Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı cəmiyyətdə böyük narahatlıqlar var"
Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev bildirib. Deputat əlavə edib ki, şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, “Forma-88” əsasında pensiya təyin olunmaldır: “Ancaq əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də Tibbi-Sosial Ekspert Komissiyaları var. Əgər Səhiyyə Nazirliyi “Forma-88” verirsə, bunun əsasında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyin etməlidir. Belə çıxır ki, bir dövlət qurumu digərinə inanmır. Belə olmaz. Əgər Səhiyyə Nazirliyinin verdiyi arayış şübhəlidirsə, bu, müvafiq qaydada araşdırıla bilər, ancaq iki qurumun şəxsi yoxlaması nə deməkdir?”
Qüdrət Həsənquluyev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyaları ləğv olunmalıdır: “Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv etməyin vaxtı çoxdan çatıb. Əgər Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırıb həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Düşünmürəm ki, nəzarətedici orqanların sayını artırmaqla problemləri kökündə həll edə bilərik”.