Ucnoqta.az
www.ucnoqta.az

Nazarbayev Qazaxıstanın fəxri senatoru statusundan məhrum edilib

11:32 - 12 Yanvar 2023 tarixində dərc olunub.

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə verilən fəxri senator statusu parlamentin reqlamentindən çıxarılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) sədri Maulen Aşımbayev cümə axşamı jurnalistlərə bildirib. ​ 
"Söhbət fəxri senator titulundan gedir. Nəzərə alsaq ki, bu konstitusiyadan çıxarılıb, fəxri senator titulunu reqlamentimizdən çıxardıq. Sabah parlament palatalarının birgə iclasında "Qazaxıstan Respublikasının ilk prezidenti - Elbası (rəhbər) haqqında" qanunu çıxaracağıq" - o, deyib. 

Nazarbayevin fəxri senator statusunu qoruyub saxlamaması ilə bağlı sualı cavablandıran Aşimbayev bildirib ki, əvvəllər bu status yalnız bir şəxsə - respublikanın ilk prezidentinə verilib.

Deputatlar dekabrın 19-da palataların birgə iclasında parlamentin işinin yeni reqlamentini qəbul ediblər. Lakin əvvəllər Nazarbayevə verilən fəxri senator statusunun ləğvi barədə məlumat verilməyib.

Qazaxıstan parlamentinin yuxarı palatası 2019-cu il mayın 30-da respublikanın birinci prezidentinin qızı Dariqa Nazarbayevanın Senatın sədri olduğu zaman Nazarbayevə fəxri senator statusu verib. Bu statusa görə Nazarbayev parlamentin yuxarı palatasının iclaslarında iştirak edə bilərdi.

Ruhəngiz

Müəllif: