Aliment ödənilməməsi uşaqların sağlam yaşaması, təhsil alması kimi əsas konstitusion hüquqlarının pozulması ilə nəticələnir. Aliment ala bilməyən valideynin maddi durumunun pis olması uşağın təhsil hüququnun pozulmasına səbəb ola bilər. Uşaqların məktəbəqədər hazırlığı, orta təhsil və universitet öncəsi hazırlıqları aliment ala bilməyən ailə üçün daha da çətinlik yarada bilər.
Bu barədə Ucnoqta.az-a tanınmış hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov deyib. Hüquqşünas bildirir ki, ilk növbədə uşağın alimentinin ödənilməməsi, yəni valideyinlərdən birinin uşağın alimentini ödəməməsi onun üçün problem yaradır: "Valideyn işsiz olduqda boşanandan sonra aliment ödəyə bilmir. Alimentin ödənilməsində ən böyük çətinlik həm də aliment ödəməli olan valideynin ölkədən kənarda olduqda yaranır.
Təxminən 2 il qabaq Aliment Fondu yaradılması aktual idi. Amma hal-hazırda belə bir aktuallıq hiss olunmur. Amma Aliment Fondunun yaradılması kifayət qədər yaxşı bir təşəbbüs idi. Hazırda bu istiqamətdə işlərin zəif aparılması Aliment Fondunun yaradılmasının təxirə salınması təsəvvürü yaradır. Artıq bir sıra ölkələrdə alimentlə bağlı qərarların icra yolları tapılıb. Fransa, İngiltərə, Avstriya, İsveç, Daniya, Norvec, Finlyandiya və Ukrayna kimi ölkələrdə alimentin ödənilməsi dövlət vəsaiti hesabına həyata keçirilir. Bundan sonra məhkəmə icraçıları alimenti ödəməkdən yayınan valideyndən dövlətin ödədiyi miqdarda aliment məbləğini alır və bununla ödənilmiş vəsait yenidən dövlətin hesabına qayıdır. Bu mexanizm tətbiq edilən ölkələrdə 90 faiz büdcə vəsaiti geri qayıdır".