Ucnoqta.az
www.ucnoqta.az

Şəmkir sakini əmisi qızını niyə qətlə yetirib? -<font color=red><b> Dəhşətli qətlin təfərrüatları</b></font>

20:13 - 20 Dekabr 2022 tarixində dərc olunub.

Şəmkirdə öz əmisi qızı, İrmaşlı kəndin sakini, 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyevanı kəndin kənarında bıçaqla boğazını kəsərək qətlə yetirən şəxsə hökm oxunub.

Ucnoqta.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətli törədən 1998-ci il təvəllüdlü Piri Əli oğlu Piriyevə 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

2017-ci ildə Aytac Piriyeva Niyaməddin adlı şəxslə ailə həyatı qurub və bu evlilikdən Fazil adlı oğlu dünyaya gəlib. Niyaməddin tez-tez işləmək üçün Ukraynanın Odessa şəhərinə gedib. Əri Odessaya gedərkən Aytaca mobil telefon işlətməyi qadağan edib. Buna görə Aytacla Niyaməddinin münasibətləri pozulub. 2021-ci ildə Aytacın atası İrmaşlı kəndində xərçəng xəstəliyindən vəfat edib. Bundan sonra o, sosial şəbəkələrdən daha çox geniş istifadə etməyə başlayıb.

Piri Piriyev məhkəmədə iddia edib ki, bütün bunların nəticəsində Aytac səhv yolda düşüb, ərinin və nəslində olan kişilərin şərəf və ləyaqətini düşünmədən, rəsmi qaydada boşanmadan adını bilmədiyi şəxs(lər)lə münasibət yaradıb.

Aytac 2022-ci ilin fevral ayının əvvələrində "TikTok"da tanış olduğu şəxslə birlikdə çəkdirdiyi şəkilini özünün istifadəsində olan "WhatsApp" sosial şəbəkəsinin "status" bölməsində paylaşıb. Piri Piriyev bunu görərək Aytacın yaşadığı evə gəlib və həmin şəxsin kimliyi, hansı səbəbdən onunla şəkil çəkdirərək paylaşmasını soruşib. Bu zaman qohumlar arasında mübahisə yaranıb.
Aytac Piriyeva həmin şəxsin kurs yoldaşı olduğunu bildirib, həmçinin əmisioğlunun onun şəxsi həyatına müdaxilə etməyə ixtiyarının olmadığını deyib. Bundan sonra Piri Piriyev onu öldürmək qərarına gəlib. O, 27 fevral 2022-ci ildə, saat 10.30 radələrində Aytacın yaşadığı evə gələrək, onu avtomobilə oturdub və İrmaşlı kəndi ərazisində yerləşən, "Sulu Dərə” adlandırılan meşəlik sahəyə aparıb. Avtomobili həmin ərazidə saxlayaraq, yenidən ondan şəkil çəkdirdiyi şəxsin kimliyini soruşub. Aytac isə bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib. Özündən çıxan Piri Piriyev onun əllərini kəndirlə bağlayaraq, dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib. Bundan sonra isə boğazını kəsərək qətlə yetirib.
Piri Piriyev qətli törətdikdən sonra kəndin mərkəzində yerləşən çayxanaya gəlib və üzünü oradakı kişilərə tutaraq "Mən öz pozğunumu təmizlədim, siz də gedin öz pozğununuzu təmizləyin, Aytacın meyitini kənddə basdırmağa qoymayın, əgər basdırsanız, yas verməyin”, deyib. Ardınca isə Zəyəm polis bölməsinə gedərək təslim olub.

Müəllif: