“Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi sahəsi təyin edəcək. Şuşada, Kəlbəcərdə və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçməsi proqnozlaşdırılır”.
Bu sözləri Ucnoqta.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun bildirib ki, səhər və axşam saatlarında dumanlı olacaq: “Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyə kimi olacaq. Gündüz saatlarında temperaturun müsbət olması, günorta saatlarında isə 3-5 dərəcə isti olacağı gözlənilir. Lakin səhər saatlarında və axşama doğru temperatur bir qədər enərək 0, -2, -3 dərəcə intervalında dəyişəcək. Respublikanın digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti olacaq. Ayın 16-da bəzi şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var”.
Həmçinin Umayra Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarımadasında ayın 14-ü axşam və 15-də, sonra isə ayın 16-sı axşamdan 17-si səhər və gecə saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənməsi proqnozlaşdırılır. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq.