Noyabrın 24-də Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbin IX sinfində dərs prosesi zamanı sinif otağının tavanına bərkidilmiş penoplast materiallı lambir hissələrinin bir neçəsi qoparaq sinif otağına düşüb.
Ucnoqta.az xəbər verir ki, dərsdə iştirak edən müəllim və texniki heyətin müdaxiləsi ilə şagirdlər dərhal sinif otağından çıxarılıb, ilkin tibbi və psixoloji yardım göstərilib. Hadisə vaxtı dərsdə olan müəllim və şagirdlərdən fiziki xəsarət alan olmayıb. Hal-hazırda müəllim və şagirdlərin səhhəti normaldır.
Şagirdlər təhlükəsizlik üçün məktəbin qəza təhlükəsi olmayan digər sinif otağına yönləndirilib və mövcud çətinliyin aradan qaldırılması üçün işlərə başlanılıb. Məktəbin yay aylarında daha geniş miqyaslı təmiri nəzərdə tutulur.