“Mən təklif edirəm ki, ünvanlı sosial yardım uşaq puluna transfer edilsin. Ünvanlı sosial yardım uşaq pulu kimi verilməli və bu məsələyə birdəfəlik son qoyulmalıdır”.
Bu sözləri Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev bildirdi ki, ünvanlı sosial yardımın bu formada dəyişməsinin tərəfdarı deyil.
“Bu təklifin bir digər tərəfi də var. Bəs aztəminatlı ailələr nə etsin? Orada uşaq pulundan başqa aztəminatlı ailələr də var. Dövlət onlara necə köməklik göstərsin? Biz dövlət nümayəndələrinə, hökumətə bu məsələləri deyirik. Onların da arqumenti odur ki, bizim üçün sosial siyasətdə daha önəmli odur ki, biz bütün aztəminatlı insanlara kömək edək. Əsas fikir budur. Ona görə də, bunu inqilabi formada dəyişməyin tərəfdarı deyiləm, amma bunun üzərində işləmək lazımdır və təkamül yolu ilə nə isə yeni bir mexanizm fikirləşmək olar. Yəni onu demək istəyirəm ki, digər insanların da maraqları nəzərə alınsın. Ölçüb biçmək lazımdır ki, ortaya çıxan təklif hansısa qrupun maraqlarına zidd olmasın”, - deyə millət vəkili vurğuladı.