Noyabrın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Suraxanı rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açıq elan edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov diqqətə çatdırıb ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkədə mövcud olan siyasi partiyaların lokomotividir:
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, vurğulayıb ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışan RİH başçısı Suraxanı rayonunda Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib və bu işdə YAP Suraxanı Rayon Təşkilatının rolunu da xüsusilə diqqətə çatdırıb.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisinin Təbii Ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Afət Həsənova da çıxış edib.
Tədbirdə rayon təşkilatının gənc fəalı Pərvin Əhmədova, Vətən müharibəsi şəhidi Şahmar Səfərovun anası Pakizər Səfərova, II Qarabağ müharibəsi qazisi Elnur Əkbərov, 114 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Ceyran Novruzova, Xalq artisti, "Şöhrət" ordeni laureatı Nurəddin Mehtixanlı çıxış ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi və Şəhid ailə üzvlərinə, qazilərə xatirə hədiyyələri təqdim edilib.
"Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov həyata keçirilən layihələrdə birgə fəaliyyətə görə təltif edilib.