Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş üzrə videogörüntülərə baxılıb. Belə ki, istintaq zamanı eksperiment məqsədilə qoyunun əyninə paltar geyindirilərək, yandrılılıb və videoya çəkilib. Birinci dəfə qoyunun üstünə "salyarka" tökülüb və 4 dəqiqə 47 saniyə yandırılıb. Lakin bu zaman qoyunun arxa hissəsinin yanmadığını görüblər. Üstəlik, qoyun tam şəkildə - kömürləşmiş həddə yanmayıb. Ona görə ona ikinci dəfə od vurublar. Amma yenə də arxa hissə yanmayıb. Hər iki videoya baxdıqdan sonra vəkillər Nərminə aid olduğu iddia edilən meyitin də təxminən iki dəqiqə ərzində tamamilə yanması barədə verilən rəyi doğru hesab etməyib.
Məhkəmədə həmçinin İlkin Süleymanovun hadisə yerinə gətirilməsi görüntüləri də nümayiş etdirilib. Müstəntiqin pıçıltıları, müdaxilələri videoda açıq-aşkar eşidilib. Həmçinin İlkin Süleymanovun üzərində xəsarət izləri də görünüb. Videogörüntülərin nümayişi zamanı vəkillər və İlkin Süleymanov bir sıra məsələləri müəyyən etmək istəyərkən hakim bildirib ki, bunlar prosesin sonunda aydınlaşdırılmalıdır. Hakimin yanaşması vəkillərin etirazına səbəb olub.
İclasda qalmaqal yaşanıb. Nəticədə məhkəmə noyabrın 21-nə təxirə salınıb.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.