Ucnoqta.az
www.ucnoqta.az

Həbsdə olan sabiq icra başçısının yenidən məhkəməsi başladı

09:54 - 17 Noyabr 2022 tarixində dərc olunub.

Ali Məhkəmədə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və sahibkar Razin Qəhrəmanov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Hafiz Nəsibovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

Xatırlatma: Məharət Mustafayev və digərləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə yekun ittiham verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məharət Mustafayev və Əli Rüstəmov Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Razin Qəhrəmanova isə 10 min manat cərimə cəzası təyin edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Bu hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü qismən dəyişdirilib, Məharət Mustafayev və Əli Rüstəmlinin cəzası 1 il azaldılaraq 3 ilə endirilib.

Razin Qəhrəmanov barəsindəki hökm isə qüvvədə saxlanılıb.

 

Müəllif: