AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb.
Ucnoqta.az xəbər verir ki, bəyanatda deyilir:
“Fransa Senatının qəbul etdiyi “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə bu ölkənin pozucu siyasətinin davamıdır.
Fransa mütəmadi olaraq qərəzli mövqeyi, riakar addımları ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində aparılan danışıqlara müdaxilələr edir, yeri gəldi-gəlmədi normallaşma prosesinə əngəllər törədir. Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra dəfələrlə səsləndirdikləri yalan xarakterli bəyanatlarla iki ölkə arasında məqsədli şəkildə gərginliyi artırmağa çalışıb. Aydın görünür ki, bölgədə sülhə doğuru atılan addımlar onları narahat edir.
Davam edən 30 illik işğal dövründə doğma yurdundan hərbi müdaxilə yolu ilə qovularaq məcburi köçkün həyatı yaşayan sivil insanların pozulmuş hüquqları özünü dünyanın aparıcı dövlətlərindən hesab edən Fransanın heç yadına da düşmədi. Hətta münaqişənin danışıqlar yolu ilə həlli zamanı Minski qrupunun çətri altında “neytral dövlət” libasına bürünmüşdü. Proseslərin sonrakı gedişi, o cümlədən münaqişənin tarixə qovuşması bu kimi dövlətlərin əsl yanaşmalarını ortaya çıxarıb.
İşğalın sona çatmasından sonra məcburi köçkünlərin öz yurdlarına qayıtması, sülh səyləri çərçivəsində Fransanın yenidən qərəzli mövqe sərgiləməsi gərginliyin artırılmasından başqa bir şey deyil. Hətta qətnaməni hazırlayanlar, görünür, proseslərdən tamamilə xəbərsizdirlər, hazırda bölgədə nə baş verir ya onu görmürlər, ya da görmək istəmirlər.