Ucnoqta.az
www.ucnoqta.az

Valideynlərdən pul tələb edən müəllimə şiddətli töhmət verildi

18:05 - 11 Oktyabr 2022 tarixində dərc olunub.

"Müəllimlər günü" ilə bağlı valideynlərdən pul tələb edən müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, İdarəyə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək “Müəllimlər günü” münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub.

"Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozub, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaradıb. Müəllimlərin etik davranış qaydalarını və AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib" - deyə qeyd olunub.

Qeyd edək ki, Saray qəsəbə 2 nömrəli məktəbin müəlliminin sosial şəbəkədə səs yazısı yayılıb. Səs yazısında müəllim onu təbrik etməyən valideynlərə narazılığını bildirib.

 

Müəllif: