Ucnoqta.az
www.ucnoqta.az

Taktiki nüvə silahları nədir? - <font color=red><b>Rusiya onlardan istifadə edə bilərmi?</b></font>

12:11 - 11 Oktyabr 2022 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu sözlər Rusiya Prezidentinin Ukraynada kiçik "taktiki" nüvə silahının mümkün istifadəsi ilə bağlı dünya boyunca ciddi narahatlığa səbəb olub.

ABŞ Prezidenti Co Bayden Putinə xəbərdarlıq edərək, bunun İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli hərbi eskalasiya olacağını deyib.

Rusiya ordusu Ukraynada taktiki nüvə silahından istifadə edə bilərmi və bunun nəticələri nə ola bilər?

Taktiki nüvə silahları nədir?

Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Onlar geniş radioaktiv çirklənmə olmadan müəyyən hədəfləri məhv etmək üçün istifadə oluna bilər. Ən kiçik taktiki nüvə başlığının gücü trotil ekvivalenti ilə bir kilotona qədərdir (yəni partlayışın gücü min ton trotilin partlama gücündən çox deyil).
Ən böyük taktiki nüvə başlığı 100 kilotona qədər ola bilər.

Strateji nüvə silahları daha güclüdür - 1000 kilotona qədər. Onlar həmçinin minlərlə kilometr məsafədə istifadə olunur. Tarixdəki ən güclü termonüvə partlayışı - Sovet Çar Bombası - 58 meqatondan çox idi. Xirosimaya atılan Amerika atom bombasının gücü 15 kiloton olub.

Rusiyanın hansı taktiki nüvə silahı var?

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər. TNS üçün təyyarə və ya gəmilərdən də istifadə edilə bilər. Belə döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır.

ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb.

TNS indiyədək istifadə olunubmu?

Taktiki nüvə silahları hərbi münaqişədə heç vaxt istifadə olunmayıb.

ABŞ və ya Rusiya kimi nüvə gücləri hesab edirlər ki, adi müasir silahlar taktiki məqsədlərə nail olmaq üçün kifayət edir. Bundan əlavə, indiyədək heç bir nüvə dövləti taktiki nüvə silahlarından istifadə etməklə nüvə müharibəsi riskinə getmək istəməyib.

Bununla belə, Rusiya strateji raketlərdənsə, TNS-lərin istifadəsinə daha meylli ola bilər. "Ola bilsin ki, onlar bunu nüvə silahından istifadə həddini keçmək kimi görmürlər, - Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Chatham House Kral İnstitutunun beynəlxalq təhlükəsizlik proqramının rəhbəri Patricia Lewis deyir. - Onlar üçün bu, adi silahların bir hissəsidir".

Putinin nüvə silahından istifadə etməsi ehtimalından narahat olmalıyıqmı?

2022-ci ilin fevralında, Ukraynanın işğalından az əvvəl Vladimir Putin Rusiyanın strateji nüvə qüvvələrini (RSNQ) "xüsusi döyüş vəziyyətinə" gətirilməsinə dair əmr verib və strateji nüvə qüvvələrinin təlimlərini keçirib.

"Ölkəmizin ərazi bütövlüyü təhdid edilərsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil", - Putin bu həftə nüvə silahları məsələsinə toxunaraq deyib.

Rusiya Ukraynanın cənubunda və şərqində tutduğu rayonları ilhaq etməyi planlaşdırır. Bunun üçün orada Kiyev və Qərb tərəfindən qeyri-legitim tanınan "referendumlar" keçirilir ki, bunun nəticəsində Kreml yəqin ki, bu ərazilərin Rusiyaya birləşdirildiyini elan edəcək.

Bununla bağlı Prezident Putin bəyan edir ki, o, ölkənin "ərazi bütövlüyünü" (o cümlədən Ukraynanın qanunsuz ilhaq edilmiş rayonlarını) "hər bir vasitə ilə" müdafiə etməyə hazırdır.

Amerika kəşfiyyatı hesab edir ki, Putin belə bir yolla Qərbin Ukraynaya kömək etməsini dayandırmağa çalışır. Digərləri isə qorxurlar ki, Rusiya müharibədə növbəti uğursuzluqlarla üzləşərsə, Ukraynada "oyun qaydalarını dəyişmək", dalandan çıxmaq və nəticədə məğlubiyyətdən yayınmaq üçün taktiki nüvə silahlarından istifadə edə bilər.

"Belə bir şəraitdə Putinin nüvə silahından istifadə edəcəyi ilə bağlı narahatçılıq üçün hər cür əsasım var. Çox güman ki, o, Ukrayna ərazisində, hamını qorxutmaq və istədiyinə nail olmaq üçün tətbiq oluna bilər. Lakin biz hələ ki, o həddə çatmamışıq", - ABŞ-ın Carnegie Fondunun nüvə enerjisi üzrə eksperti James Acton deyir.

ABŞ necə reaksiya verir?

ABŞ Prezidenti Co Bayden Rusiyanı nüvə silahından istifadə etməməyə çağırıb. CBS News-a verdiyi müsahibədə Bayden deyib ki, bu cür hərəkətlər İkinci Dünya müharibəsindən bəri "müharibənin simasını" heç bir şeyə bənzəməyəcək "şəkildə dəyişəcək". Onun sözlərinə görə, bunun "nəticələri olacaq".

ABŞ və NATO-nun nüvə silahının istifadəsinə necə reaksiya verəcəyini söyləmək çətindir. Bir tərəfdən, onlar tammiqyaslı nüvə müharibəsinin başlanması riskindən yayınaraq, münaqişəni daha da gərginləşdirmək istəməyə bilərlər. Digər tərəfdən, onlar baş verənlərə son qoymaq istəyə bilərlər.

Başqa bir ölkə - Çin Rusiyanı taktiki nüvə silahından istifadə etməkdən çəkindirə bilər. London Kral Kollecinin atom enerjisi üzrə eksperti Heather Villiams "Rusiya Çinin dəstəyindən çox asılıdır" deyir.

Onun sözlərinə görə, Çinin "nüvə doktrinası" silahdan birinci istifadə etməməyi nəzərdə tutur.

"Ona görə də Putin TNS-dən istifadə etsəydi, Çin üçün onu dəstəkləmək çətin olardı. Əgər o, [Putin] belə bir silahdan istifadə etsə, çox güman ki, Çini itirəcək", - Heather Villiams deyir.

Ümumiyyətlə, dünyada Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalına münasibət çox ciddidir, baxmayaraq ki, əksər ekspertlər Rusiyanın ondan istifadə etməyəcəyinə inanır.

Sadəcə olaraq, belə bir işin nəticələri o qədər böyük və təhlükəlidir ki, hətta kiçik bir ehtimal belə onu unutmağa imkan vermir.

Müəllif: