Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə cinayət işi başlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Belə ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılıb.
12:57
“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir”.
Bununla bağlı Bərdə Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:
“Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.
11:48
Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.
Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.
A. Qiyaslı bildirib ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan bayrağına hörmətsizliklə bağlı videogörüntülər sosial şəbəkədə yayılıb. Hadisənin Bərdə şəhərində baş verdiyi bildirilir.
11:27
Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı edilən mağazaya daxil olaraq kiminləsə mübahisə etdiyi görünür.
Mübahisədən sonra obyektin pəncərəsində asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atıb.